“Rabat xalça sənəti” sərgisi

Nəfis və çoxəsrlik tarixə malik Rabat xalçası Mərakeşin qeyri-maddi mədəni irsinin incisidir. Əlahəzrət Şahzadə Lalla Hasnanın rəhbərlik etdiyi Rabat Mədəni İrsinin Qorunması Fondu sizi “Rabat xalça sənəti” sərgisinə dəvət edir. Burada nəsildən-nəslə ötürülən, böyük məharət və dərin duyğularla yaradılan sənəti kəşf edə bilərsiniz.

Rabat xalçası XVIII əsrdən bəri formalaşmış sənətkarlıq ənənəsinin davamlı ötürülməsinin canlı nümunəsidir. Bu sənəti əsasən, ev şəraitində və ya karxanalarda çalışan qadın toxucular yaşadır, onu incəliklə və öz yaradıcı yanaşmaları ilə inkişaf etdirirlər. Bu xalçalar toy və digər xüsusi günlərdə yüksək dəyərləndirilən qiymətli əşyalardır.

XVIII əsrin sonlarında yaranan Rabat xalçası çoxzolaqlı haşiyələri, nəbati naxışlı ara sahəsi ilə Şərqin zərif şəhər ənənəsinin ruhunu daşıyır. Bu xalça, eyni zamanda, mərakeşli toxucuların dünyagörüşləri, zövqləri və sehrli əlləri ilə yaratdıqları zəngin ornamentlər əsasında formalaşaraq özünəməxsusluğunu qoruyur. Burada həndəsi və nəbati motivlərin rəng ahəngdarlığı və texniki dəqiqliklə zərif toxunması ilə vəhdət təşkil edir.

Bakıda, Azərbaycan Milli Xalça Muzeyində təqdim olunan bu sərgi geniş rezonans doğurur və xalçaçılıq sənəti ilə bağlı estetik duyumun müxtəlifliyini tərənnüm etdirir. İki xalqın toxuculuq irsi arasındakı bu dialoq ip və motivin universal dil kimi ifadə gücünü vurğulayır. Sərgi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan Azərbaycanın zəngin xalçaçılıq ənənəsinin təqdimatı ilə mədəniyyətlərarası mübadiləni təşviq edir.

Tam əhatəli və müasir təcrübə kimi hazırlanmış bu rəqəmsal sərgi mədəni irsimizə olan baxışı yeni formada, muzeyin böyük ekranlarından mobil telefonların kiçik ekranlarınadək axıcı, anlaşılan şəkildə təqdim edir. Ziyarətçilər yüksək dəqiqliklə böyüdülə bilən görüntülər vasitəsilə Rabat xalçasının motivlərini və teksturalarını incəliklə araşdıra, sənətkarların bədii ifadələri isə onları canlandıra bilər. Arxiv materialları, ekspertlərlə müsahibələr, interaktiv xəritələr və infoqrafikalarla zənginləşdirilmiş dinamik süjet xətti Mərakeş xalçalarının müxtəlifliyini nümayiş etdirir.

Sərgi məktəb və mədəniyyət müəssisələri üçün tədris komponenti sayıla bilər. Tarixi irslə texnoloji yenilikləri birləşdirən bu layihə mədəniyyəti hər kəsə əlçatan edir, mədəni irsə müasir yanaşmanı göstərir.